Macarıstan Gruevski-ni ekstradisiya eləmir

Nikola Gruevski

Budapeşt məhkəməsi Şimali Makedoniyanın keçmiş baş naziri Nikola Gruevski-ni ekstradisiya etməkdən imtina edib. Gruevski Macarıstana noyabrdan qaçıb, bundan öncə korrupsiya ittihamıyla iki il həbs cəzasına məhkum edilmişdi.

Macarıstanın sığınacaq verdiyi Gruevski bu ölkənin Baş naziri Viktor Orban-ın dostudur.

O, Budapeştə bir neçə Balkan ölkəsinə səyahət edəndən sonra gəlib, Macarıstanın diplomatik maşınlarında macarıstanlı diplomatların müşayiətilə gəzib.

Şimali Makedoniya Gruevski-nin ekstradisiyasını ona qarşı məhkəmə hökmü və bir sıra cinayət təqibiylə əsaslandırır.

Budapeşt məhkəməsi isə iyunun 27-də bildirib ki, bu xahişə əməl oluna bilməz, çünki sığınacaq almış adamları qaçdıqları ölkəyə ekstradisiya etmək olmaz.

Gruevski on il ərzində, 2016-cı ilədək vəzifədə olub.

Macarıstanın Xarici işlər naziri Peter Szijjarto bu ayın əvvəlində deyib ki, tez-tez ofisində Gruevski ilə görüşür, Qərbi Balkan məsələləri üzrə onunla məsləhətləşir.