Çexlər Babis-ə etirazları davam etdirirlər

Praqa, 23 iyun, 2019-cu il

Praqada yüzminlərlə etirazçı Baş nazir Andrej Babis-in istefasını tələb edib.

İyunun 23-də Letna Parkda keçirilən yürüşə təşkilatçılar 250 minədək adamın qatıldığını deyiblər. Bu, 1989-cu il kommunizmin çöküşündən sonra ən böyük etiraz sayıla bilər.

Nümayişçilər əllərində “İstefa”, “Demokratiyadan əl çəkməyəcəyik” yazılmış plakatlar tutub, Çexiya və Avropa Birliyinin bayraqlarını qaldırıblar.

Son həftələr Babis-ə qarşı bir neçə nümayiş keçirilib. 64 yaşlı milyarder dələduzluqda, maraqlar toqquşmasına ittiham olunur.

Prokurorlar 2018-ci ildə Babis-ə Avropa Birliyinin ayırdığı 2,24 milyon dollarlıq subsidiyadan düzgün istifadə etməmək ittihamı irəli sürüblər.

Həmin subsidiyanın ayrıldığı şirkət Babis-ə məxsus Agrofert konqlomeratının olub. Subsidiya konqlomerata sahiblik Babis-in ailə üzvlərinə ötürüləndən sonra ayrılıb.

Subsidiyalar orta və kiçik biznes üçün nəzərdə tutulub, Agrofert onu ala bilməzdi.

Babis hansısa yanlışa yol vermədiyini deyir, məsələni “siyasi” adlandırır.

İyunun 4-də baş nazirə qarşı Praqanın mərkəzindəki Vençeslas meydanındakı yürüşə 120 min nəfər qatılıb.