Trump yenə deyir, G20 sammitində Putin-lə görüşəcək

Donald Trump (sağda) və Vladimir Putin, arxiv fotosu

ABŞ Prezidenti Donald Trump yenə deyir ki, gələn həftə Yaponiyada Böyük 20-liyin (G20) sammitində rusiyalı həmkarı Vladimir Putin-lə görüşəcək.

İyunun 19-da Fox News-a müsahibəsində Trump deyib ki, iyunun 28-29-da Osakada keçiriləcək sammitdə Putin və çinli həmkarı Xi Jinping-lə görüşləri olacaq.

“Rusiyayla yola getmək istəyirəm və məncə, bunu edəcəyik. Çinlə yola getmək istəyirəm və məncə, bunu edəcəyik. Gələn həftə Yaponiyada hər ikisi ilə görüşəcəyəm”, – Trump söyləyib.

Trump iyunun 12-də də Ağ evdə jurnalistlərə demişdi ki, G20 sammitində Putin-lə görüşəcək.

Ancaq Kreml onda bildirirdi ki, potensial görüş barədə Vaşinqtondan təsdiq almayıb.

Trump-ın son açıqlamasını Kreml hələlik, şərh etməyib.

Putin-lə Trump sonuncu dəfə 2018-ci ilin iyulunda Helsinkidə təkbətək görüş keçiriblər.

Vaşinqtonla Pekin Trump və Xi-nin G20 sammitində görüşəcəyini təsdiqləyib.