Tacikistanda həbsxana qiyamına görə məsuliyyəti İŞİD götürüb

Vahdat həbsxanasında öldürülmüş məhbusların yaxınları

İslam Dövləti (İŞİD) ekstremist qruplaşması mayın 20-də Tacikistandakı həbsxana qiyamına görə məsuliyyəti götürüb. Həmin qiyamda 32 nəfər öldürülmüşdü.

Silahlı qruplaşma iyunun 14-də Al-Nabaa onlayn dərgisində bildirib ki, Düşənbədən 15 kilometr şərqdə yerləşən, yüksək səviyyədə qorunan həbsxanaya “hücum edənlər” “xilafət əsgərləri” olub. İŞİD bundan öncə də dünyadakı terror hücumlarına görə məsuliyyəti götürəndə bu termindən istifadə edib.

Ancaq İŞİD iddiasını əsaslandıracaq dəlil ortaya qoymayıb.

Tacikistanın Daxili İşlər Nazirliyi mayda deyirdi ki, qiyam zamanı 32 nəfər öldürülüb, 17-si İŞİD üzvü kimi həbsə atılmış məhbuslar olub.

Nazirlik Tacikistanda qadağan olunmuş İslam İntibahı Partiyasının üç üzvünün də qiyamda öldürüldüyünü bildirib. Onlardan başqa daha 9 məhbus və üç nəzarətçi də öldürülmüşdü.

Partiya isə Tacikistan hakimiyyətini həm 20 may, həm də ötən noyabrda baş vermiş qiyamlarla bağlı həqiqəti gizlətməkdə ittiham edir. Noyabrdakı qiyamda 21 məhbus və iki nəzarətçi öldürülüb.