90 yaşlı paraşütçülər bir daha tullandılar

Tom Rice (öndə)

ABŞ və Britaniyadan olan, yaşları 90-ı keçmiş 2-ci Dünya müharibəsi dövrü paraşütçüləri Normandiya əməliyyatının 75-ci ildönümü münasibətilə bir daha tullanış həyəcanı yaşayıblar.

ABŞ-ın məşhur 101-ci hava diviziyasının keçmiş üzvü, 97 yaşlı Tom Rice iyunun 5-də yerə enərkən Birləşmiş Ştatların nəhəng bayrağını dalğalandırıb.

“Əladır. Geri qayıdıb bunu təkrarlamaq istərdim!” – o qışqırıb.

Rice başqa bir paraşütçüyə bağlanıb, tullanışa o nəzarət edib.

Britaniyadan iki veteran isə Fransanın şimalında paraşütdən enib. 95 yaşlı Harry Read və 94 yaşlı John Hutton Britaniyanın Paraşüt Polkunun üzvləri ilə birlikdə şou göstəriblər.

1944-cü ildə 150 mindən artıq müttəfiq qüvvəsi Portsmutdan Normandiyaya hava, dəniz və quru hücumuna başlayıb. Sonucda Avropanın qərbi nasist rejimindən xilas olundu. Döyüşlər zamanı hər iki tərəfdən minlərlə adam həlak olub.