Azərbaycan “Boeing” Korporasiyası ilə danışıqları davam etdirir

Boeing 737 MAX-8

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Boeing 737 Max-8” təyyarələrinin alınmasına dair məsələlərlə bağlı bu gün, iyunun 3-ü, günün iknci yarısı yeni açıqlama verib.

Həmin açıqlamada bildirilir ki, “Boeing” Korporasiyası ilə müqavilə üzrə danışıqlar davam etdirilir.

Verilən məlumata görə, imzalanmış müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır.

“Müqavilə üzrə ilkin ödənişlər artıq olunub. Bu ödənişlər 2024-cü ildə “Boeing” Korporasiyası tərəfindən nəzərə alınacaq.

Onu da qeyd edək ki, hal-hazırda yeni geniş füzelyajlı təyyarələrin alınması üçün “Boeing” şirkəti ilə danışıqlar aparılır ”,açıqlamada bildirilir.

Hələliksə, “Azərbaycan Hava Yolları” mövcud təyyarə parkından aktiv istifadə edəcək.

“Azərbaycan Hava Yolları” “Boeing”, “Airbus” və “Embraer” - təyyarələrindən istifadə edir.

AZAL 'Boeing'lə sövdələşməni ləğv edib

Bundan əvvəl verilən xəbərdə deyilirdi:

«Azərbaycan Hava Yolları» QSC-nın (AZAL) Amerikanın «Boeing» korporasiyası ilə 10 «Boeing 737 MAX-8» sərnişin təyyarəsinin alınmasına dair sövdələşməni ləğv etdiyi bildirilir. Bunu AZAL-dan da təsdiq ediblər: ««Boeing 737 MAX-8» təyyarələrinin alınması planlarından rəsmən imtina edilib».

Qərarın bu təyyarələrin təhlükəsizliyi ilə bağlı ortaya çıxan suallar üzündən verildiyi bildirilir.

2017-ci ilin aprelində Azərbaycanın «Silk Way Airlines» şirkəti və «Boeing» korporasiyası 10 ədəd «Boeing 737 MAX-8» təyyarəsinin alqısı üzrə saziş imzalayıb. Sazişin ümumi dəyəri təxminən 1 milyard dollara bərabər olub. Təchizat 3 il ərzində edilməli idi.

Məsələyə, hələlik, «Boeing» korporasiyasından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2018-ci il oktyabrın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb. Birinci halda «Lion Air» aviaşirkətinə məxsus «Boeing 737 MAX-8» uçuşdan 13 dəqiqə sonra İndoneziyada dənizə düşüb. Qəzada 189 nəfərin öldüyü bildirilir. Sonuncu halda isə «Ethiopian Airlines» şirkətinə məxsus «Boeing 737 MAX-8» təyyarəsi Efiopiyanın paytaxtı Əddis-Əbəbəki «Bole» hava limanından Keniyanın paytaxtı Nayrobiyə uçmaq istərkən havaya qalxdıqdan altı dəqiqə sonra qəzaya uğrayıb. Nəticədə 149 sərnişin və 8 ekipaj üzvünün öldüyü açıqlanıb.