«Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı Antipinsk neft emalı zavoduna (NEZ) marağı var».
Marja.az saytının xəbərinə görə, bunu bu gün, mayın 30-da jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, hazırda zavodun alınması ilə bağlı danışıqlar aparılır, amma hələ ki, bu istiqamətdə konkret nəticə yoxdur. «Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır», - R.Abdullayev qeyd edib.
Eyni zamanda, o vurğulayıb ki, sözügedən zavodun satın alınması halında SOCAR onun borc öhdəliklərini öz üzərinə götürməyi planlaşdırmır.
«Sberbank» Antipinsk NEZ-in (Tümen) bir neçə potensial alıcısı ilə danışıqlar aparır.
«Dəfələrlə məlumat vermişik ki, potensial investorlarla danışıqlar aparırıq. Onlardan biri SOCAR-dır», - «İnterfaks»a bu həftə «Sberbank»dan bildirmişdilər.
Saytın xəbərinə görə, «Sberbank» mayın 23-də «Antipinsk NEZ» Səhmdar Cəmiyyətinin (SC) 80 faizinə sahib olan Kiprin «Vikay Industrial Limited» şirkətinin səhmləri üzərində mülkiyyət hüququ əldə edib. Bank NEZ-dən borcun alınmasına dair qərar qəbul edib. Zavodun yerdə qalan 20 faizinin isə vəkil Nikolay Yeqorova məxsus olduğu bildirilir.