ABŞ-ın elçisi Rusiyanın Ukraynadakı “işğal”ından danışır

Kurt Volker

Birləşmiş Ştatların Ukraynada üzrə xüsusi elçisi Rusiyanın bu ölkənin şərqindəki fəaliyyətini “işğal” adlandırıb, Moskvanı 2015-ci il Minsk razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb.

Minsk razılaşmalarının məqsədi Ukraynanın hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasındakı münaqişəni bitirməkdir.

ABŞ Dövlət Departamentinin Xüsusi təmsilçisi Kurt Volker mayın 28-də jurnalistlərə danışıb.

“Rusiya Minsk razılaşmasını yerinə yetirməkdən ötrü çox iş görməlidir. Ukraynanın da öz məsuliyyəti var”, – Volker Vaşinqtondan videolink vasitəsilə jurnalistlərə deyib.

Volker deyib ki, Ukraynada Volodymyr Zelenskiy prezident seçiləndən sonra Birləşmiş Ştatlar Rusiya ilə danışıqların “harada qaldığını, proqres əldə etməyin mümkün olub-olmadığını” bilməlidir.

İyulda Ukraynada erkən parlament seçkisi keçirilməlidir. Volker-in sözlərinə görə, Rusiyayla danışıqlarda irəliləyişin mümkün olub-olmadığı hələlik, bəlli deyil.