Əfqanıstanda intim təklif ittihamları araşdırılır

Jamshid Rasuli

Əfqanıstan hakimiyyəti Prezident Ashraf Ghani administrasiyasının bəzi üzvlərinin hökumətdə postları intim əlaqə əvəzində verməsi iddialarının araşdırıldığını bildirir.

Baş prokurorluğun sözçüsü Jamshid Rasuli mayın 28-də jurnalistlərə deyib ki, iddiaların araşdırılması üzrə qrup yaradılıb.

İttihamları Ghani-nin keçmiş müşaviri, General Habibullah Ahmadzai telemüsahibəsində səsləndirib.

O, heç bir dəlil təqdim etmədən deyib ki, Əfqanıstanın prezident sarayının içindəki “dairələr” qadınlara intim əlaqə əvəzində hökumətdə iş təklif ediblər.

Bu iddialar Kabildə narazılıq yaradıb, əfqanlar sosial mediada istintaq başladılmasını tələb ediblər.

Ghani-nin sözçüsü Haroon Chakhansuri ittihamları “saxta və əsassız” adlandırıb.

Mədənlər və neft naziri vəzifəsini icra edən Nargis Nehan mayın 25-də tvitində yazıb: “Bu iddiaların əsasız olduğunu inamla söyləyə bilərəm”.

Ahmadzai mayın 23-də Khurshid TV-yə müsahibəsində deyib ki, “adamlar prezident sarayında zinanın təbliği üçün sistematik işləyirlər”. Amma o, ortaya hər hansı dəlil qoymayıb.

Rasuli-nin sözlərinə görə, təhqiqatçılar Ahmadzai-dan mayın 30-dək iddialarını əsaslandıracaq dəlil istəyiblər.