Liondakı partlayışa görə həbs edilən var

Partlayış mayın 24-də Lionun mərkəzi küçəsində baş verib.

Fransa polisi ötən həftə Lionda 13 nəfərin zərər çəkdiyi partlayışda iştirakda şübhəli bilinən şəxsi saxlayıb. Həmin şəxsin 24 yaşı olduğu bildirilir.

Bu haqda xəbəri daxili işlər naziri Christophe Castaner verib. O, təfərrüatlar haqda danışmayıb.

Paris prokurorluğunun antiterror idarəsi həmin şəxsin mayın 27-də Lionda səhər saatlarında saxlanıldığını bildirir. Polisin partlayış yerində onun DNT-sinin izlərini aşkarladığı deyilir.

Partlayış mayın 24-də Lionun mərkəzi küçəsində baş verib. Polis hadisəni törədəni 3 gün axtarıb. Son məlumatlara görə, əldəqayırma partlayıcı qurğu çörəkxananın girişində qoyulan çantada partlayıb.

Partlayış terror nəticəsində adamöldürməyə cəhd hadisəsi kimi araşdırılır. Terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti hələlik üzərinə götürməyib.