Rusiya səfirliyinin qarşısında aksiya

F.Abbasov

Mayın 22-dә fəal Ramin Hacılının tәşkilatçılığı ilә Rusiya Federasiyasının Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları mayın 16-da Moskvada saxlanan jurnalist Fuad Abbasova azadlıq tələb ediblər. Onlar habelə vurğulayıblar ki, F.Abbasova fiziki güc tətbiq edən polis əməkdaşları cәzalandırılmalıdırlar. «Fuad Abbasov Rusiyada terrorçu kimi saxlanılıb, lakin bir neçə gün keçməsinə baxmayaraq, nə Xarici İşlər Nazirliyi, nə də digər rəsmi qurumlar olayla bağlı münasibət bildirib. Nə baş verir?», - R.Hacılı sual edib.

Aksiya zamanı polisin jurnalistlәrdәn videoçəkilişi dayandırmalarını tələb etdiyi və başqa maneələr yaratdığı bildirilir.

Təşkilatçıların vurğulamasına görə, səfirlik əməkdaşı onların qarşısına çıxaraq fikirlərini dinləyib.

«Turan» informasiya agentliyi də Rusiya Federasiyasının Bakıdakı səfirliyi ilə əlaqə saxlayib. Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, onlar hadisələrin inkişafını izləyirlər və bütün suallar F.Abbasovun hüquqlarını müdafiə edən Rusiyadakı Azərbaycan səfirliyinə ünvanlanmalıdır.

Hələlik, baş verənlərə Azərbaycanın Rusiyadakı səfirliyindən və Bakıdakı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Tədbir

«Azərbaycan əsilli oliqarxın sifarişi ilә…»

Mayın 22-dә Bakıda Beynəlxalq Diaspor Mərkəzinin (BDM) tәşkilatçılığı ilә Rusiyada saxlanan jurnalist Fuad Abbasovla bağlı tədbir keçirilib.

Vəkil Elman Paşayevin məlumatına görə, F.Abbasov mayın 16-sı Moskva şәhәrindә saxlanıb. Moskva Şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin (FSB) iddiası əsasında F.Abbasovun Rusiyada müvəqqəti yaşamaqdan ötrü icazəsini ləğv edib. Üstəlik, vəkilin qeyd etməsinə görə, jurnalist saxlandıqdan sonra fiziki təzyiqə məruz qalıb və mayın 28-dә Azərbaycana deportasiya oluna bilər.

Tədbirdə F.Abbasov ətrafında baş verən hadisələrdən narahatlıq bildirilib. İştirakçıların fikrincə, F.Abbasov Rusiyada yaşayan, ancaq adını çəkmədikləri Azərbaycan əsilli oliqarxın sifarişi ilә saxlanıb.

Anası: «Fuadın başını aşağı salmaq...»

F.Abbasovun anası Büllur Abbasova bildirib ki, oğlunun başına gələn hadisələrin təşkilatçısını hamı yaxşı bilir. «Fuadın başını aşağı salmaq bütün Azərbaycanın başını aşağı salmaq deməkdir», - o bildirib.

Toplantıda həmçinin, Rusiyadakı Azərbaycan səfirliyinin, diaspor qurumlarının və Xarici İşlər Nazirliyinin (XİN) fəaliyyəti barədə danışılıb və bu fəaliyyət qənaətbəxş sayılmayıb.

Tədbirdə F.Abbasovun müdafiəsi məsələləri və bu istiqamətdə bəzi təkliflər müzakirə edilib.

Mətbuat konfransında səslənən bu fikirlərə, hələlik, Azərbaycanın və Rusiyanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Jurnalist Fuad Abbasov bir müddətdi ki, Rusiyada yaşayırdı.

Geniş ictimaiyyət onu 2015-ci ildə Türkiyə Rusiya təyyarəsini vuran zamanı tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu yalanlamışdı. Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist F.Abbasov dəvət olunurdu. F.Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib.