İndoneziya Prezidenti Joko Widodo ötən ay keçirilmiş seçki zamanı yenidən bu posta seçilib. Baş Seçki Komissiyası mayın 21-də bildirib ki, o, səslərin 55,5 faizini yığıb.
Widodo istefada olan general Prabowo Subianto-nu məğlub edib.
260 milyon əhalisi olan bu ölkədə aprelin 17-də baş tutmuş seçkinin nəticəsi mayın 21-də rəsmən elan olunmalıydı. Ancaq mümkün iğtişaşlar, nəticələrə küçə etirazları sarıdan qorxu rəsmiləri nəticələri sakitcə açıqlamağa vadar edib.
67 yaşlı Subianto deyirdi ki, Widodo-nun qələbəsini mübahisələndirəcək. O, seçkidə genişmiqyaslı saxtakarlıq baş verdiyini iddia etmiş, küçə etirazları keçiriləcəyini demişdi.
Polis isə mayın 17-də bildirib ki, seçki nəticələri elan olunan zaman keçiriləcək siyasi nümayişlərdə bomba partlatmağı planlaşdıran, İslam Dövləti qruplaşmasına bağlı şübhəli terrorçular saxlanıb.