Avropa Məhkəməsinə gedən məktublar yenə 'itib'

Azərpoçt

Həbsdə olan jurnalist Əfqan Muxtarlı və müxalif siyasətçi Nemət Pənahlının işləri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərilən şikayətlər ünvana çatmayıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.

Bir şikayət 2018-ci il yanvarın 12-si Balakən Rayon Məhkəməsinin jurnalist Ə.Muxtarlının 6 il azadlıqdan məhrum edilməsi qərarından verilib. Digər şikayət isə 2018-ci il oktyabrın 12-də Milli Dövlətçilik Partiyasının sədri N.Pənahlının inzibati qaydada 30 sutka həbsi ilə bağlıdır.

E.Sadıqov bildirib ki, məktublar bir aydan çoxdur Mərkəzi Poçt vasitəsilə göndərilib. Onun ehtimalına görə, məktublar heç bir əsas olmadan «Azərpoçt»da saxlanır: «Bununla şikayətlərin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilməsinin qarşısını almaq istəyirlər. Bu hərəkət Avropa İnsan Hüquqları Konvensiyasının 34-cü maddəsini pozur».

Vəkil əlavə edib ki, bununla bağlı «Azərpoçt» Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) rəsmi şikayət ünvanlayıb.

«Azərpoçt» nə deyir

«Azərpoçt» MMC isə məsələnin araşdırılacağını bildirir. Qurumdan AzadlıqRadiosuna bildiriblər ki, təqdim edilmiş izlənmə kodları üzrə axtarış sistemində məktublar tapılmayıb. «Vətəndaş göndərdiyi poçt şöbəsinə yaxınlaşaraq məktubların yerini öyrənmək üçün sorğu göndərsin. Bunun araşdırılması ancaq göndəriş olan poçt vasitəsilə olur. Sorğu göndəriləcək və onun əsasında araşdırma aparılacaq», - «Azərpoçt» MMC-dən qeyd ediblər.

Azərbaycanda bir sıra müxalif siyasətçilərin və jurnalistlərin işi ilə bağlı bundan öncə də oxşar şikayətlər eşidilib. Onda da bəzi vəkillər vurğulayıblar ki, AİHM-ə göndərdikləri bir sıra məktublar yetişməyib.

Vəkillər hesab edirlər ki, hökumət şikayət məktublarının AİHM yetişməsinə bilərəkdən mane olur. Rəsmi qurumlar isə belə iddiaları qəbul etmirlər.

Xatırlatma

Jurnalist Ə.Muxtarlı Gürcüstandan oturum izni alıb. Ancaq 2017-ci il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib, üstəlik də, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.

Gürcüstan baş naziri və daxili işlər naziri də Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər.

N.Pənahlı isə 2018-c il oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə inzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaq) maddəsi ilə 30 sutka həbsə məhkum edilib. N.Pənahlı ittihamları qəbul etməyib və bunu fəaliyyəti ilə izah edib.