İlham Əliyev Donald Tusk ilə görüşüb

İ.Əliyev və D.Tusk

İ.Əliyev və D.Tusk

Azərbaycan prezidenti İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Görüşdə ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış «Tərəfdaşlıq prioritetləri» sənədinin əhəmiyyəti vurğulanıb, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti İ.Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfər edib. O, əvvəlcə belçikalıların kralı əlahəzrət Filip ilə görüşmüşdü.

Mayın 13-də Brüsseldə «Şərq tərəfdaşlığı» proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib. Belçikanın paytaxtında Avropa İttifaqı və «Şərq Tərəfdaşlığı» proqramının altı iştirakçı ölkəsinin xarici işlər nazirlərinin görüşü olub.

Bu gün, mayın 14-də isə Avropa Komissiyasının (AK) binasında bu qurumun rəhbəri Jan-Klod Yunkerin sədrliyi ilə yüksək səviyyədə konfrans keçirilməlidir. Konfransda Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları iştirak etməlidirlər.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.