ABŞ Hava Qüvvələri B-52 bombardmançılarının Qətərdəki bazaya çatdığını təsdiqləyib. Ağ ev həmin qüvvələri Fars Körfəzinə İrandan “təhdid”ləri önləməkdən ötrü göndərdiyini bildirib.
Mayın 10-da ABŞ Hava Qüvvələrinin Mərkəzi Komandanlığının yaydığı təsvirlərdə B-52H Stratofortress bombardmançılarının Qətərdəki Al-Udeid hava bazasına çatdığı görünür.
Digər təyyarələrin isə “cənub-qərbi Asiyada” açıqlanmayan məkana endiyi bildirilir.
Əvvəllər ABŞ ordusu BƏƏ-dəki Al-Dhafra hava bazasının və Al-Udeid bazasının “cənub-qərbi Asiyada” yerləşdiyini bildirirdi.
Ağ ev mayın 5-də bəyan elədi ki, Tehranı önləməyə Fars Körfəzinə U.S.S. Abraham Lincoln təyyarədaşıyan zərbə qrupu və bombardmançılar göndərəcək.
Prezident Donald Trump administrasiyası İranın yaratdığı iddia olunan təhdidi detallı təsvir etməyib.
İran mayın 8-də 2015-ci ildə imzalanmış nüvə sazişinin bəzi öhdəliklərinin icrasını dayandıracağını bildirdi. Bir il öncə Trump ölkəsinin sazişdən çıxdığını, İrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.