Hüquq müdafiəçisi DİN-ə çağrılıb

O.Gülalıyev

Mayın 6-da hüquq müdafiəçisi Oqtay Gülalıyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə dəvət edilib. Bu barədə O.Gülalıyevin özü bildirib.

«Mənimlə Baş Cinayət Axtarışı İdarəsinin rəisi Arzu Daşdəmirov və idarənin digər əməkdaşları görüşdü. Görüş normal şəraitdə keçdi. Mənim Facebook səhifəmdə repressiya və işgəncə şikayətləri barədə yazdığım statuslarla bağlı narahatlıqlarını bildirdilər. Həmçinin, «Gəncə işi» ilə bağlı fəaliyyətim diqqət mərkəzində oldu. Mən «Gəncə işi» ilə bağlı valideynlərin müraciətinin və bu iş üzrə işgəncə şikayətlərinin araşdırılmasını onların diqqətinə çatdırdım», - o qeyd edib.

Son zamanlar hüquq müdafiəçisi «Gəncə işi» ilə bağlı davam edən məhkəmələrdə səsləndirilən işgəncə şikayətləri ilə bağlı çoxsaylı statuslar yazıb. O, şikayətlərin obyektiv araşdırılmasını istəyir.

Üstəlik, O.Gülaliyev ötən həftə, mayın 4-də bir qrup vətəndaş cəmiyyətinin nümayəndəsi ilə birgə Repressiyalar və İşgəncələr Əleyhinə Komitə yaratmaq qərarına gəldiyini açıqlayıb.

Buna da bax: 'Xocalıdakı zülmü Gəncə, Bakı polis idarəsində bizə də verdilər'

Hüquq müdafiəçi deyib ki, Komitə, hələlik, tam formalaşmasa da, artıq 18 nəfərdən ibarət İşçi qrup yaradılıb. Onun vurğulamasına görə, Komitənin yaradılmasının əsas məqsədi ölkədə repressiya və işgəncələrlə mübarizə aparmaqdır. «Son bir sıra cinayət işlərində baş verənlər buna misaldır. Biz işgəncə ilə üzləşən insanlara dəstək olmaq üçün bu Komitənin yaranmasını zəruri hesab etdik», - deyə o vurğulamışdı.

Eyni zamanda, son vaxtlar 2018-ci ildə Gəncədə baş verən olaylara görə həbs edilən bir çox şəxslərin valideynləri də bir neçə dəfə aksiyalar keçiriblər. Onlar Gəncə və Bakıda polisdə saxlanarkən yaxınlarının işgəncələrlə üzləşdiklərini bildirərək, bununla bağlı şikayətlərin araşdırılmasını tələb ediblər. Ancaq rəsmi qurumlar həmin iddialara hər hansı münasibət bildirməyiblər. Bununla belə, rəsmilər polis və cəzaçəkmə müəssisələrində işgəncə baş verməsi ilə bağlı şikayətləri əsasən düzgün saymırlar.

Hüquq müdafiəçisinin son açıqlamasına da, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə getdiyini açıqlayıb. Onlardan, hələlik, 2 qrupun məhkəməsi başa çatıb. Mühakimə olunanlara 5 ildən 9 ilə qədər həbs verilib. Təqsirləndirilənlər əsasən zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiqi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlar maddəsi ilə ittiham ediliblər. Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Buna da bax: Gəncə hadisələrinə görə həbs olunanın ailəsi: 'Qardaşıma olmazın işgəncələr veriblər'

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev Səməd Abbasov qətlə yetiriliblər.

Bu olaylarla bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüb. Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.