Abxaziyada tarixi rus məktəbində yanğın olub

Məktəbdə yanğın

Gürcüstanın separatçı Abxaziya regionunda tarixi rus məktəbi – bir əsr yaşı olan Aleksandr Puşkin Məktəbinə yanğın ciddi ziyan vurub.

Abxaziyanın separatçıların nəzarətində olan de fakto hökumətinin Fövqəladə Hallar Nazirliyinin rəhbəri Mizan Lomia yanğının mayın 2-də səhər tezdən baş verdiyini deyib.

Lomia məktəbin damının dağıldığını bildirib. Yanğının səbəbi bəlli deyil.

Bu orta məktəbdə bütün dərslər rusca keçilir.

Suxumidəki yerli hakimiyyət yanğının bir neçə saat ərzində, 130 yanğınsöndürən tərəfindən söndürüldüyünü bildirib.

Abxaziya separatçı regionu 1990-cı illərin əvvəllərində Gürcüstandan ayrılaraq müstəqilliyini elan edib. 2008-ci ilin avqustunda dörd günlük Gürcüstan-Rusiya müharibəsindən sonra Moskva Abxaziyanın və digər separatçı region olan Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Gürcüstan və beynəlxalq ictimaiyyət bu regionları Rusiyanın işğal etdiyini deyir.