Keçmiş senator Lugar vəfat edib

Sam Nunn (solda) və Richard Lugar

Keçmiş respublikaçı senator Richard Lugar aprelin 28-də 87 yaşında vəfat edib. O, Soyuq Müharibə bitəndən sonra sovetlərin nüvə və kimyəvi silahlarının məhv olunmasını nəzərdə tutan proqramın yaradılmasında əsas rol oynamışdı.

Lugar 1977-ci ildən 2013-cü ilədək İndiana ştatını Senatda təmsil edib. O, Senatın Xarici Əlaqələr Komitəsində xidmət edib, iki dönəm sədri də olub.

Xarici məsələlərdə nüfuzlu səs sahibi hesab olunan Lugar 1991-ci ildə Demokrat Senator Sam Nunn (Corciya) ilə birlikdə irəli sürdüyü təşəbbüsüylə daha çox tanınır. Həmin təşəbbüs sovetlərin kütləvi qırğın silahlarının terrorçuların, yaxud düşmən ölkələrin əlinə keçməməsini hədəfləyirdi.

ABŞ-ın maliyyələşdirdiyi proqram çərçivəsində 7 min 600-dək sovet nüvə başlığı, 2 min 300 raket, 24 nüvə silahı anbarı məhv edilib.

Lugar 2012-ci ildə yeddinci müddətə namizədliyini versə də, mühafizəkar Tea Party hərəkatının namizədi onu məğlub etdi. Kampaniya Lugar-ın ikipartiyalı kompromislə bağlı nüfuzuna qarşı təbliğata fokuslanmışdı.

Vəzifədən gedən Lugar İndianapolisdə Lugar Mərkəzi yaradır. Bu mərkəz əsasən silahların yayılmaması, qlobal ərzaq təchizatı, idarəçiliyin təkmilləşdirilməsi məsələləri ilə məşğul olur.