Azərbaycan və Çin 821 milyon dollarlıq sənədlər imzalayıb

İ.Əliyev və S.Cinpin

Çinin paytaxtında keçiriləcək 2-ci «Bir kəmər, bir yol» beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.

İmzalanma mərasimində çıxış edən Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşıdır: «Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində ölkəmizin payı 43 faiz təşkil edir».

İki ölkə arasında investisiya sahəsində əməkdaşlığın davam etdiyini söyləyən Ş.Mustafayev Çin investorlarının ümumilikdə Azərbaycana 800 milyon dollardan çox sərmayə yatırdığını bildirib. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcminin isə 1 milyard 700 milyon dollar təşkil etdiyini bildirib.

Qarşı tərəfdən isə Çinin Kommersiya Nazirliyinin Avrasiya idarəsinin rəisi Luo Veydon danışıb.

Sonra Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb. Habelə, Azərbaycan istehsalı şərab, digər spirtli içkilərin Çinə ixracı və başqa məsələlərlə də bağlı sənədlər imzalanıb.

Azərbaycan prezidenti Çin lideri ilə görüşüb

Aprelin 24-də Pekində Azərbaycan prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, S.Cinpin İ.Əliyevə deyib ki, Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır: «Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə «Bir kəmər, bir yol» layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram».

O, həmçinin vurğulayıb ki, Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası (YAP) ilə əlaqələri fəallaşdırmağa, dövlət idarəçiliyi təcrübəsini mübadilə etməyə, iki ölkə arasında qarşılıqlı etimadı möhkəmlətməyə hazırdır.

Prezidenti İ.Əliyev isə deyib ki, «Bir kəmər – bir yol» beynəlxalq forumunun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir.

Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Habelə, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Prezident İ.Əliyev Çin Xalq Respublikasının sədri S.Cinpini Azərbaycana dəvət edib. Xəbərdə qeyd edilənə görə, dəvət qəbul olunub.

Prezident İ.Əliyev həm də Azərbaycan parlamentdəki çoxluğa sahib Yeni Azərbaycan Partiyasının (YAP) sədridir.

Prezident Çinə gedib

Prezident İlham Əliyev aprelin 24-də Çin Xalq Respublikası sədrinin dəvəti ilə bu ölkəyə işgüzar səfər edib.

Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir.

Məlumata görə, səfərdə məqsəd 2-ci «Bir kəmər, bir yol» beynəlxalq forumunda iştirak etməkdir.

Məlumatda vurğulanır ki, Pekin şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İ.Əliyevi Çinin xarici işlər nazirinin müavini Çjan Hanhuey və digər rəsmi şəxslər qarşılayıblar.

Xatırlatma

«Bir kəmər – bir yol» beynəlxalq forumu 26-27 aprel tarixlərində Çində keçiriləcək.

Çin Xalq Respublikasının irəli sürdüyü «Bir kəmər – bir yol» təşəbbüsü «İpək Yol iqtisadi kəməri» və «XXI əsrin dəniz İpək Yolu» layihələrini birləşdirir.

Birinci forum 2017-ci ilin mayında Pekində keçirilib. Həmin tədbirdə 29 ölkənin dövlət və hökumət başçıları, habelə iri beynəlxalq təşkilatların rəhbərləri qatılıblar.