Bu gün, aprelin 19-da Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri”, «Çıraq» və «Günəşli» (AÇG) yataqlar blokunun işlənməsinin növbəti mərhələsi olan «Mərkəzi-Şərqi Azəri» (MŞA) layihəsi təsdiqlənib.
Bu layihənin işlənməsi üzrə Rəhbər Komitəyə SOCAR, BP, «Chevron», INPEX, «Equinor», «ExxonMobil», TPAO, ITOCHU və «ONGC Videsh» daxildir.
«6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir», - BP bildirir
Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından ötən 25 il ərzində AÇG sahəsinin işlənməsinə ümumilikdə 36 milyard dollardan çox investisiya qoyulub.
Açıqlamaya görə, layihə üzrə tikinti işlərinə bu il başlanacaq, 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8 min işçinin cəlb olunacağı gözlənilir.
AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları müxtəlifdir. BP 30.37, SOCAR 25, «Chevron» 9.57, INPEX 9.31, «Equinor» 7.27, «ExxonMobil» 6.79, TPAO 5.73, ITOCHU 3.65 və «ONGC Videsh Limited» (OVL) 2.31 faiz paya malikdir.
Xatırlatma
AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü Sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.
AÇG Azərbaycanın ən böyük yataqlar blokudur. İndiyə kimi blokdan 3.5 milyard barrel (474 milyon ton) neft hasil olunub. Neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb İxrac Boru Kəməri ilə çıxarılır.
İndiyə qədər Azərbaycanın bu blokdan 140 milyard dollar civarında gəlir götürdüyü bildirilir.