Çexiya polisindən baş nazirlə bağlı tövsiyə

Andrej Babis

Çexiya polisi bildirir ki, Baş nazir Andrej Babis Avropa İttifaqından alınan yardımla bağlı fırıldaqda ittiham olunmalıdır.

Praqa prokurorluğunun aprelin 17-də bildirməsinə görə, Babis-in 2 milyon dollarlıq fırıldaqda mümkün iştirakıyla əlaqədar polis istintaqının nəticələrini alıb.

İndi ittihamları irəli sürmək, yaxud ləğv etmək məsələsinə prokurorlar qərar verməlidir.

Burada söhbət Aİ-dən subsidiyalar almış fermer təsərrüfatından gedir. Vaxtilə Babis-in 250 şirkətdən ibarət Agrofert konqlomeratına məxsus bu təsərrüfat Babis-in ailə üzvlərinin mülkiyyətinə keçiriləndən sonra subsidiyalar alınıb.

Sözügedən subsidiyalar orta və kiçik biznes üçün nəzərdə tutulub və Agrofert əslində onları ala bilməzdi. Bir müddət sonra Agrofert yenidən təsərrüfata sahiblənib.

Populist milyarder olan Babis hansısa yanlışa yol vermədiyini deyir.