İrandan Fransa səfirinə etiraz

Gerard Araud (sağdan ikinci)

İran Fransaya etirazını bildirib. Səbəb Fransanın Vaşinqtondakı səfirinin Tehranın 2025-ci ildən sonra uran zənginləşdirmə hüququ ilə bağlı dedikləridir.

İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı saziş onun nüvə proqramını məhdudlaşdırması əvəzində iqtisadi sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Bu məhdudiyyətlərin bəziləri 10 ildən, bəziləri 15 ildən sonra bitir.

ABŞ Prezident Donald Trump ötən il sazişdən çıxıb, deyib ki, razılaşmanın zəifliklərindən biri İranın nüvə proqramına məhdudiyyətlər üçün son tarix qoyulmasıdır.

Fransanın ABŞ-dakı səfiri Gerard Araud aprelin 13-də tvitində yazıb: “Nüvə sazişinin müddəti bitəndən sonra İrana uran zənginləşdirməyə icazə veriləcəyini demək yalan olardı”. O, sanksiyaların bərpa oluna biləcəyini sözlərinə əlavə edib.

İran xarici işlər nazirinin müavini Abbas Araqchi aprelin 14-də deyib ki, Araud-un sözləri “sazişin məqsədi və hədəfinin böyük pozuntusudur”. O, Parisin dərhal izahat verməli olduğunu, yoxsa özlərinin də buna uyğun addım atacaqlarını sözlərinə əlavə edib.

İran Fransanın Tehrandakı səfirini aprelin 14-də çağıraraq ona etiraz bildirib.

Vaşinqtonun sənəddən çıxmasına baxmayaraq, Britaniya, Çin, Fransa, Almaniya və Rusiya onu qoruyub saxlamağa çalışır.