Bloqer Mehman Hüseynov Avropada

M.Hüseynov

Bloqer, keçmiş məhbus Mehman Hüseynov Avropa ölkələrinə səfər edib.

O, aprelin 11-də Bakı hava limanından Azərbaycanı tərk edib.

Bu barədə məlumatı M.Hüseynovun özü paylaşıb. Bloqer vurğulayıb ki, ölkədən çıxışına məhdudiyyət problem ictimailəşəndən sonra götürülüb.

M.Hüseynov qeyd edib ki, səfər çərçivəsində bir sıra beynəlxalq təşkilatlarda görüşləri və toplantılarda iştirakı nəzərdə tutulur.

Bloqer səfər proqramı bitəndən sonra Azərbaycana qayıdacağını xüsusi olaraq vurğulayıb.

Xatırlatma

Mehman Hüseynov bu il martın 2-də azadlığa çıxıb. O, 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi. Bloqer həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. O, həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı. Yanvarın 22-də isə Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlamışdı.

Amma azadlığa çıxdıqdan sonra, aprelin 9-da beynəlxalq qurumların dəvəti ilə səfərə çıxan M.Hüseynov elə Bakı aeroportundan geri qayıtmalı olmuşdu. Berlinə uçmaq istəyən bloqerin vurğulamasına görə, ona deyilmişdi ki, Baş Prokurorluq ölkədən xaricə çıxışına məhdudiyyət tətbiq edib. Bloqerin bu açıqlamasına Baş Prokurorluqdan münasibət almaq mümkün olmamışdı.