Türkiyə Prezidenti Recep Tayyip Erdogan deyir ki, Rusiyadan zenit-raket kompleksi planlaşdırıldığından daha tez alına bilər.
“S-400 raket sisteminin çatdırılması iyula planlaşdırılırdı, amma qabağa çəkilə bilər”, – Erdogan Rusiyaya səfərdən qayıdarkən təyyarədə jurnalistlərə deyib. Bu haqda Türkiyə mediası aprelin 10-da yazıb.
Birləşmiş Ştatlar S-400 sisteminin NATO sistemlərinə uyğun gəlmədiyini deyərək Ankaranı Rusiyayla bu razılaşmanı dayandırmağa çağırıb. Vaşinqton bu sistemi həm də ABŞ istehsalı olan F-35 təyyarələrinə təhdid sayır.
Aprelin 1-də Türkiyəyə F-35 proqramı çərçivəsində göndərişlərin dayandırıldığı açıqlanıb.
Rusiya mediası yazıb ki, Türkiyə 2,5 milyard dollara dörd S-400 kompleksi almaq istəyir.
Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu aprelin 10-da televiziya müsahibəsində deyib ki, Birləşmiş Ştatlar F-35 təyyarələrini verməsə, onun ölkəsi “başqa yerlərə” baxacaq.
Kremlin sözçüsü Dmitry Peskov isə Rusiyanın ikinci alışa da “açıq” olduğunu bildriib.