Tale Heydərov istefa verib

T.Heydərov

«Qəbələ» İdman Klubunun prezidenti Tale Heydərov bu gün, aprelin 10-da tutduğu vəzifədən istefa verib.

Bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Lakin istefa səbəbi açıqlanmır.

««Qəbələ» İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa vermişdir. T.Heydərov 2006-cı ildən «Qəbələ» İdman Klubunun prezidenti vəzifəsində fəaliyyət göstərirdi», - açıqlamada yazılıb.

Klub onun dövründə iki dəfə - 2015-2016 və 2016-2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. «Qırmızı-qaralar» 2013-2014, 2014-2015 və 2015-2016 mövsümlərində Azərbaycan Premyer Liqasında bürünc, 2016-2017 və 2017-2018 mövsümlərində isə gümüş medala yiyələnib.

T.Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

«Qəbələ» Topaz Premyer Liqasında hazırda 4-cü yerdədir. Liqada 8 komanda yarışır.

«Qəbələ» liderlərdən düz 21 xal geridə qalır.

Topaz Premyer Liqasına 51 xalla «Neftçı» və «Qarabağ» klubları başçılıq edir.