Rusiyada müstəntiqlər amerikalı investora ev dustaqlığı istəyirlər

Michael Calvey

Rusiyada müstəntiqlər amerikalı investor Michael Calvey barəsində həbs qətimkan tədbirinin ləğvini, onun ev dustağı edilməsini istəyirlər.

İstintaq Komitəsi Moskva məhkəməsinə belə bir xahişlə müraciət edib. Rusiya mediası aprelin 11-də iş üzrə dinləmənin keçiriləcəyini yazır.

Moskvada mənzillənən Baring Vostok investisiya şirkətinin qurucusu Calvey bir neçə həmkarı ilə birlikdə fevralda Moskvada saxlanıb və maliyyə fırıldağında ittiham olunur.

Onlar təqsirsiz olduqlarını deyirlər. Bu həbslər Rusiyada biznes qurmağın təhlükəsini üzə çıxarıb, hüququn aliliyi sarıdan narahatlığı dərinləşdirib.

Kremlin tənqidçiləri Calvey-ə azadlıq tələb edirlər.

O, Moskvada Lefortovo həbsxanasında saxlanır.