İstanbulun yeni aeroportuna daşınma prosesi başlanıb. Bu prosesin 45 saat çəkəcəyi gözlənir.
Atatürk Beynəlxalq Aeroportundan 8 milyard dollara başa gəlmiş İstanbul Aeroportuna köç aprelin 5-də gecə saat 3-də başlanıb.
Nəqliyyat Nazirliyi prosesin aprelin 7-də başa çatacağını söyləyib.
Aprelin 6-dan səhər tezdən hər iki aeroportda nəqliyyat 12 saat ərzində dayandırılacaq. Həmin müddətdə bir sıra əsas magistral yolların da bağlanacağı gözlənir.
Beynəlxalq şirkətlər yeni aeroportdan uçuşlara aprelin 6-da gecəyarısından başlayacaqlar.
Türk Hava Yolları bildirib ki, 700 yük maşını 50 min ton avadanlığı daşıyacaq, transfer zamanı 1800-dən çox əməkdaş iş başında olacaq.
İstanbulun Avropa hissəsində yerləşən yeni aeroportu Prezident Recep Tayyip Erdogan oktyabrın 29-da işə salıb. Tikinti məsələlərindən dolayı rəsmi açılışı üç dəfə ertələnmişdi.
Az sayda uçuşlar həyata keçirən aeroportun 2027-ci ilədək 200 milyonadək sərnişinə xidmət edəcəyi bildirilir.
İstanbulun Asiya hissəsindəki Sabiha Gokcen aeroportu isə işlək vəziyyətdədir.