Xarici işlər nazirləri Vyanada görüşüblər

Xarici işlər nazirlərinin görüşü. 2018

Dünən, martın 28-də Avstriya paytaxtı Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutub.

XİN bildirir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 29-da keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə etdilər.

Azərbaycan prezidenti İ.Əliyev artıq martın 28-dən Avstriyadadır.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.