BBC Ukrayna Prezidenti Petro Poroshenko-ya ötən il dərc olunmuş “qeyri-korrekt” məlumata görə kompensasiya ödəməyə razılaşdığını bildirib.
“Yaradılan stresə görə cənab Poroshenko-dan üzr istəyirik, ona kompensasiya, məhkəmə xərclərini ödəməyə razılaşmışıq, açıq məhkəmədə birgə bəyanatla iştirak etmişik”, – BBC martın 28-də vebsaytında bildirib.
Ancaq ödəniləcək kompensasiyanın məbləği açıqlanmayıb.
Ötən ilin mayında BBC-nin vebsaytında dərc olunmuş məqalədə iddia olunurdu ki, ABŞ və Ukrayna prezidentləri arasında görüşü uzatmaq üçün Donald Trump-ın keçmiş vəkili Michael Cohen-ə 400 min dollar verilib.
Söhbət 2017-ci ilin iyunundan Ağ evdə keçirilən görüşdən gedirdi.
Poroshenko bu məlumata görə BBC-ni məhkəməyə vermişdi. O, martın 31-də prezident seçkisində namizəddir.