Azərbaycan prezidenti İlham Əliyev martın 26-da Bakı Metropoliteninin yenidən qurulan «Bakmil» stansiyasında yaradılan şəraitlə tanış olub.
AZƏRTAC-ın xəbərinə görə, «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov görülən işlər barədə dövlət başçısına məlumat verib. O bildirib ki, burada 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işlərinə başlanıb: «Bura 1970-ci ildə açılıb və 9 il «Nərimanov» elektrik deposunun platforması olub. 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Giriş-çıxışı birbaşa ikinci mərtəbədən olan «Bakmil» Bakı metropoliteninin yeganə yerüstü stansiyasıdır».
Z.Hüseynov əlavə edib ki, yalnız ötən ilin avqustundan işlərin son mərhələsində sərnişinlərin stansiyadan istifadəsinə günün müəyyən saatlarında məhdudiyyətlər qoyulub: «Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir. Bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib...».
Amma təmir-bərpa işlərinin neçəyə başa gəldiyi açıqlanmır.
Xatırlatma
Bakı metrosu 1967-ci il noyabrın 6-da istismara verilib. Hazırda metropoliten xətlərinin uzunluğu 36.6 kilometrə bərabərdir. 3 xətt üzrə 25 stansiya fəaliyyət göstərir.