Vərəm əleyhinə aksiyaya cəhd olub

Aksiya

Martın 24-də günorta saatlarında Bakının mərkəzində, Fəvvarələr meydanında bir qrup fəal vərəmə yoluxmaqdan qorunma qaydaları ilə tanışlıq aksiyası keçirməyə cəhd edib.

«Turan» agentliyinin xəbərinə görə, aksiyanı «Sağlamlığa yardım» ictimai təşkilatı və daha bir neçə qurum planlaşdırmışdı. Aksiya iştirakçıları «Vərəmə yox deyək!» və «Gələcək vərəmsiz gələcək!» şüarları yazılan plakatlarla şəhər sakinlərinə yaxınlaşıb, onlara bukletlər təklif ediblər. Onlar, eyni zamanda, insanların sağlamlıqlarının mühafizəsi məqsədilə sadə metodların bilinməsinin vacibliyini izah etməyə çalışıblar.

Aksiya iştirakçılarının agentliyə bildirməsinə görə, az sonra polis tədbirin davam etməsinə imkan verməyib. Onların deməsinə görə, polis bildirib ki, şəhər rəhbərliyi ilə razılaşdırılmayan aksiyaya icazə verilməyəcək. Aksiya iştirakçılarının bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Vərəm əleyhinə sosial reklamın aktuallığı ölkədə bu xəstəliyin yayılması ilə izah olunur. Bəzi ekspertlərin fikrincə, Azərbaycan MDB ölkələri arasında vərəmdən müdafiə haqqında məlumatlılıq məsələsində ən pis yerlərdən birini tutur.

Ancaq rəsmilər Azərbaycanda bu sahədə vəziyyətin heç də ağır olmadığını bildirirlər. Bu il martın əvvəllərində Milli Məclisdə bu mövzuda keçirilən dinləmələr zamanı Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfail Mehdiyev bildirib ki, 2018-ci ildə penitensiar müəssisələrdə vərəmdən ölüm halları əvvəlki illərlə müqayisədə qat-qat azalıb. Onun deməsinə görə, son 3 ildə iki dəfəyə qədər azalma baş verib.

Bir müddət öncə Səhiyyə Nazirliyinin Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova da demişdi ki, 2017-ci ildə Azərbaycanda 100 min əhaliyə 39.8 nəfər vərəm xəstəsi düşür. Onun vurğulamasına görə, 2017-ci il ölkədə 440 nəfər vərəmdən vəfat edib. Müstəqil ekspertlər bu rəqəmə şübhə edirlər, əslində ölkədə vərəmə yoluxanların və ondan ölənlərin daha çox olduğunu düşünürlər.

24 mart -Ümumdünya Vərəmlə Mübarizə Günüdür.