Martın 29-da Avstriya prezidenti Alexander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Pashinian-la ayrı-ayrılıqda görüşəcək. Bu haqda AzadlıqRadiosunun Erməni xidməti Avstriya prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.
Bundan öncə ATƏT-in Minsk qrupunun həmsədrləri iki liderin danışıqlarının təşkili üzrə işlədiklərini deyirdilər.
Hələlik, rəsmi Yerevan və Bakı Vyanada ikitərəfli danışıqların keçiriləcəyini açıqlamayıblar.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.