Onlarla şəxs iş adı ilə aldandıqlarını deyir

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda iş tapmaq nə dərəcədə asandır?

Bu gün, martın 25-də bir qrup şəxs Bakıda müxtəlif ərazilərdə toplaşaraq narazılıqlarını bildiriblər. Onların deməsinə görə, bir sıra işədüzəltmə büroları onları aldadıblar.

Şikayətçilər əvvəlcə metronun «Xətai» stansiyasının yaxınlığında toplaşıblar. Aksiya iştirakçıları bildiriblər ki, onları aldadan işədüzəltmə büroları bu məkanın yaxınlığında fəaliyyət göstəriblər.

«Bizimlə müqavilə imzaladılar. Həmin müqaviləyə görə, yaxın müddətdə büro verdiyi vədi yerinə yetirməzsə - bizi işə düzəltməszə, pulu qaytarmalı idi. Amma azı 2-3 ay vaxt keçir, pullarımızı isə qaytarmırlar. Bütünlükdə minə qədər insanı aldadıblar», - aksiya iştirakçılarından biri vurğulayıb. Onun deməsinə görə, hərədən müxtəlif məbləğdə pul yığılıb.

Aksiya iştirakçıları bir neçə ünvana baş çəkiblər, ancaq istədikləri şəxsləri tapmayıblar. Həmin ünvanlarda onlara deyiblər ki, artıq deyilən qurumlar burada fəaliyyət göstərmirlər.

Daha sonra narazı insanlar Yasamal Rayon Polis İdarəsinə gəliblər və ora şikayətlərini təqdim ediblər. Şikayətlərdə müəyyən adların çəkildiyi də bildirilir.

Aksiya iştirakçıları qeyd ediblər ki, onları aldadan qurumlar əvvəllər metronun «Nizami» stansiyasının yaxınlığında fəaliyyət göstəriblər.

Şikayətçilərin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Rəsmi qurumların iddiasına görə, Azərbaycanda işsizlik cəmi 5 faizdir. Amma müstəqil ekspertlər buna şübhə edirlər. Onların deməsinə görə, əslində Azərbaycanda işsizlik rəsmi açıqlanan rəqəmdən qat-qat artıqdır.