Yeni Zelandiyada anım tədbirləri keçirilir

Al Noor məscidinin qarşısı

Yeni Zelandiyada ölkəboyunca yas mərasimi keçirilir, ötən cümə günü iki məsciddə qətlə yetirilmiş 50 nəfərin xatirəsi anılır.

Yerli vaxtla saat 1:30-da Baş nazir Jacinda Ardern və minlərlə sakin Al Noor məscidi qarşısındakı Kraystçerç parkına yığışıb.

On minlərlə ölkə sakini isə radio və televiziyayla canlı yayımlanan mərasimi izləyib.

Martın 15-də ağdərili irqçi Al Noor məscidində 42, yaxınlıqdakı Linvud məscidində isə azı 7 nəfəri qətlə yetirib.

Bu, ölkə tarixində ən kütləvi qətl sayılır.

Bir gün öncə hökumət “hərbi tipli” yarımavtomat odlu silahları qadağan edib.

Bu qadağanı Yeni Zelandiyanın hər iki böyük siyasi partiyası dəstəkləyib və qanunun parlamentdən asanlıqla keçəcəyi gözlənir.

28 yaşlı avstraliyalı Brenton Tarrant aprelin 5-də məhkəmə qarşısına çıxarılacaq.