Azərbaycanın xarici borcu azalıb

Dollar

Bu il yanvarın 1-də Azərbaycanın xarici dövlət borcu 8 milyard 927.1 milyon ABŞ dollarına (15 milyard 176.0 milyon manat) bərabər olub.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsulda (ÜDM) olan nisbəti (2018­ci il üçün hesablanmış 79 milyard 797.30 milyon manat ÜDM­ә nisbətdə) 19 faiz təşkil edib.

«Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə sərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyәlәşmә proqramları üçün cəlb edilmiş kreditlәrdәn, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir», - nazırlik qeyd edir.

Bu rəqəm Azərbaycanın xarici borcunun azaldığı anlamına gəlir.

Bir il əvvəl ölkənin xarici dövlət borcu 9 milyard 398.3 milyon ABŞ dolları olmuşdu.

Bununla belə, 2017-ci ilin əvvəlində Azərbaycanın xarici dövlət borcu cəmi 6 milyard 913.2 milyon ABŞ dolları idi.

Ötən ilin əvvəlində maliyyə naziri Samir Şərifov Azərbaycanın xarici borcunun artmasının səbəblərindən danışarkən, bunu bir neçə amillə izah etmişdi. Onun fikrincə, bu, əsasən, maliyyə-bank sisteminin sağlamlaşdırılmasından ötrü görülən tədbirlər və Cənub Qaz Dəhlizi (Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur-red.) layihəsi ilə bağlı verilən dövlət zəmanəti ilə bağlıdır.

Xatırlatma

Yerli müstəqil ekspertlər isə ümumilikdə xarici borcun statistikası ilə bağlı açıqlanan rəsmi rəqəmlərə şübhə edirlər. Onlar iddia edirlər ki, Azərbaycanın xarici borcu əslində açıqlandığından daha çoxdur.