Talibanın mərhum lideri Molla Mohammed Omar illər boyu Birləşmiş Ştatların Əfqanıstanın cənubundakı bazası yaxınlığında yaşayıb. Bu iddia yeni çıxmış bir kitabda səsləndirilib.
Niderlandlı jurnalist və yazıçı Bette Dam “Düşmən axtarışında” adlı kitabında yazır ki, silahlı qruplaşmanın qaçaq lideri heç də ABŞ və Əfqanıstan rəsmilərinin inandığı kimi Pakistanda gizlənməyib.
Dam bir neçə il ərzində Taliban üzvlərini araşdırıb, onlardan müsahibələr alıb. Kitab ötən ay niderlandca çap olunub.
Kitabın məzmununu ingiliscə ABŞ-da mənzillənən Zomia beyin mərkəzi yayıb.
Taliban 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olub. ABŞ onu hakimiyyətdən uzaqlaşdırandan sonra yerli hökumətə qarşı savaşıb.
DAİM YAXINLIQDA ABŞ ƏSGƏRLƏRİ OLUB
2001-ci ilin 11 sentyabr terrorundan sonra Omarın başına 10 milyon dollar mükafat təyin olunub. ABŞ-dakı terror hücumunda 3 minədək adam öldürülüb.
Dam yazır ki, Omar 2004-cü ilədək Zabul vilayətinin paytaxtı Qalatda yaşayıb. Həmin il ABŞ əsgərləri onun gizləndiyini yerdən bir neçə dəqiqəlik məsafədə yerləşən Lağmanda baza yaratmağa başlayıblar.
Omar daha sonra Şinkay bölgəsinə köçüb. ABŞ isə bundan az sonra onun yaşadığı yerin beş kilometrliyində baza qurublar.
Müharibənin pik dövründə bazada mindən artıq ABŞ və NATO əsgəri vardı, amma Omar yenə də yaşayış yerini dəyişməyib.
Omar gizləndiyi yerlərdən Talibanı idarə edə bilməsə də, onun Qətərdə Taliban ofisini təsdiqlədiyi bildirilir. Orada ABŞ və Taliban təmsilçiləri hazırda Əfqanıstandakı 17 illik müharibəni bitirməkdən ötrü sülh danışıqları aparırlar.
Dam Omar gizlənən zaman onun mühafizəçisi olmuş Jabbar Omari ilə danışa bilib. Hazırda Əfqanıstanın kəşfiyyat agentliyinin nəzarətində olan Omari deyib ki, Taliban lideri 2013-cü il aprelin 23-də xəstəlikdən dünyasını dəyişib.
Əfqanıstan Prezidenti Ashraf Ghani-nin sözçüsü Haroon Chakhansuri tvitindən kitabı “qətiyyətlə rədd edib”. “Onun Pakistanda yaşamasına və ölməsinə dair əlimizdə yetərincə dəlil var! Nöqtə!” – o yazıb.
Taliban Omarın ölümünü 2015-ci ildə təsdiqləyib. O zaman Əfqanıstan kəşfiyyatı onun Pakistanın Karaçi şəhərində xəstəxanada dünyasını dəyişdiyini açıqlamışdı.