Birləşmiş Ştatlar Venesuelaya yeni sanksiyalar tətbiq etməyi nəzərdən keçirir. Məqsəd hakimiyyətini saxlamağa çalışan prezident Nicolas Maduronun vəzifədən getməsinə nail olmaqdır. ABŞ-ın Milli təhlükəsizlik müşaviri John Bolton açıqlamanı martın 5-də verib.
“Maduronun maliyyə mənbələrini daraltmaq, onun hakimiyyətdə qalması üçün puldan məhrum etmək üçün yeni sanksiyaları nəzərdən keçiririk”, – Bolton “Fox Business Network”ə deyib.
Vaşinqton müxalifət lideri Juan Guaido-nu Venesuelanın qanuni rəhbəri sayır və bu ölkənin neft sektoruna sanksiyalar qoyub, hökumətin aparıcı rəsmilərinin sərvətini dondurub, onlara səyahət qadağaları tətbiq edib.
Dünən – martın 5-də Vaşinqtonun Venesuela üzrə elçisi Elliott Abrams deyib ki, Birləşmiş Ştatların Maduro hökumətinə bağlı qeyri-ABŞ vətəndaşlarına və qurumlarına ikinci dərəcəli sanksiyalar qoyması “mümkündür”. Amma o, belə bir addımlarla bağlı hələlik, qərar verilmədiyini sözlərinə əlavə edib.