Bağlanan bankın əmanətçiləri pullarını istəyirlər

Bank Standard

Lisenziyası ləğv edilmiş «Bank Standard» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bəzi əmanətçiləri pullarını tələb edirlər. Onlar bununla bağlı martın 5-də etiraz aksiyası keçiriblər.

Əmanətçilərin AzadlıqRadiosuna bildirməsinə görə, Milli Məclisə və mərkəzi icra hakimiyyəti qurumlarına edilən müraciətlər Əmanətlərin Sığortalanması Fonduna (ADIF) yönləndirilir, Fond isə müraciətlərə müsbət cavab vermir.

Şikayətçilər habelə deyib ki, «Bank Standard»ın Kreditorlar Komitəsinin (KK) iclasına müvafiq maliyyə qurumlarının əməkdaşları dəvət edilsə də, gəlmirlər.

Komitənin sədri hüquqşünas Əkrəm Həsənov əmanətçilərin tələblərini haqlı sayıb: «43 min əmanətçinin pulları qaytarılmayıb. Bunu da əlavə edim ki, bu əmanətçilər sığortaları olmayanlardır».

Ə.Həsənov qeyd edib ki, burada 440 milyon manat civarında sığortalı əmanətlər olub, Fond həmin əmanətləri əsasən qaytarıb: «İndi isə Əmanətlərin Sığortalanması Fondu bildirir ki, həmin 440 milyon manat xərcini götürdükdən sonra 43 min əmanətçinin pullarının qaytarılmasına baxacaq. Buna görə də əmanətçilər hələ də pullarını ala bilmirlər».

«Bank Standard» QSC 2016-cı ilin sentyabrında ləğv olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından onda bildirilmişdi ki, «Bank Standard»ın cəmi 520 milyon manat cəlb olunmuş əmanəti var. Bunun 460 milyon manata yaxını qorunan əmanətlərdir.

Xatırlatma

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfədən çox dəyər itirib. Azərbaycanda bu proses başlayandan 10-dan çox bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Bu yaxınlarda Əmanətlərin Sığortalanması Fondundan bildirmişdilər ki, həmin banklarda qorunan əmanətlərin 99 faizi qaytarılıb. Hələlik, qorunmayan əmanətlərin qaytarılması başlanmayıb. Qurum «Bank Standard» QSC-də isə 438.6 milyon manat qorunan əmanət olduğunu açıqlayıb. Həmin əmanətlərin 99 faizini qaytardığını bildirib.