İ.Əliyev AYİB prezidentini qəbul edib

S.Çakrabarti

Azərbaycan dövlət başçısı İlham Əliyev martın 5-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Azərbaycan ilə AYİB arasında uzun illər uğurlu əməkdaşlıq olduğunu bildirib. O, ümumi dəyəri 3.5 milyard dollardan artıq olan layihələrin həyata keçirilməsini Azərbaycana yaxşı tərəfdaş münasibətinin nümayişi kimi dəyərləndirib.

Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini deyən prezident vurğulayıb ki, bu, biznesin daha da inkişafına əlverişli şərait yaradır.

İ.Əliyev qeyd edib ki, ölkədə getdikcə büdcə gəlirləri artır.

Görüşdə qeyri-neft sektorunun inkişafı, şəhərdaxili nəqliyyat, bərpaolunan enerji və başqa sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xatırlatma

AYİB 1991-ci ildə yaradılıb. O, həm Azərbaycanda, həm də keçmiş SSRİ respublikalarında çox böyük layihələr həyata keçirib. Onun təkcə Azərbaycanla bağlı layihələrə 3.5 milyard dollardan çox vəsait ayırdığı bildirilir.