Yanlış olaraq 40 ilədək həbs cəzası çəkmiş kişiyə Kaliforniya ştatında 21 milyon dollar kompensasiya ödənəcək.
Simi Valley şəhəri fevralın 24-də həmin şəxslə razılaşma əldə olunduğunu elan edib.
71 yaşlı Craig Coley 1978-ci ildə sevgilisini və onun 4 yaşlı oğlunu öldürməkdə təqsirli bilinərək həbsə atılıb.
O, 2017-ci ildə ovaxtkı qubernator Jerry Brown tərəfindən əfv olunub. Qubernator deyib ki, DNA dəlili və yeni təhqiqat Coley-nin günahsız olduğunu üzə çıxarıb.
“Cənab Coley-in başına gələnləri heç bir pulla kompensasiya etmək olmaz. Bu işin həlli cənab Coley və icmamız üçün düzgün olanı etməkdir”, – şəhərin meneceri Eric Levitt bəyanatında deyib.
Şəhər administrasiyası bu məbləğin 4,9 milyon dollarını ödəyəcək, qalanı sığorta və digər mənbələrdən ödənəcək.
Bundan başqa, Kaliforniya ştatı 2018-ci ildə Coley üçün 2 milyon dollarlıq ödəniş müəyyənləşdirib.
Sözügedən qətllər törədilənədək Coley-nin kriminal tarixçəsi olmayıb, hadisə zamanı alibisi də olub. Sonradan təhqiqatçılar şahid ifadəsinin saxtalığını müəyyənləşdiriblər.
Hələlik, bu işə görə başqa saxlanan olmayıb.