Birləşmiş Ştatların dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) ələ keçirdiyi İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının 280 yaraqlısını İraq hökumətinə təhvil verib. Bunu Bağdad rəsmiləri fevralın 24-də bildirib.
Rəsmilərin sözlərinə görə, bu, SDF əsirliyində olan “böyük sayda” İŞİD yaraqlısının yalnız bir hissəsidir. Həmin əsirlər arasında 500-dən artıq iraqlının olduğu bildirilir.
130 iraqlı İŞİD üzvü fevralın 21-də təhvil verilib.
Ordunun bəyanatına görə, təhvil verilmə prosesi “tamamlananadək davam edəcək”.
İŞİD 2014-cü ildə İraq və Suriyada böyük ərazilər ələ keçirərək “İslam xilafəti” yaradıb.
Amma ABŞ-ın dəstəklədiyi qüvvələr onları hər iki ölkədə sıxışdırıb, hazırda qruplaşmanın əlində kiçik ərazilər qalıb.
ABŞ Prezidenti Donald Trump “xilafət”in sonunu tezliklə elan edəcəyinə eyham vurub. Trump Suriyadakı 2 min ABŞ əsgərini çıxaracağını da bildirib. Amma Ağ ev sonradan bildirdi ki, bu ölkədə “müəyyən müddətə” 400 ABŞ “sülhməramlısı” qalacaq.