Gömrük mayoru 100 manat rüşvətə görə məhkum edildi

Manat

Bakı Baş Gömrük İdarəsinin əməkdaşı, rüşvət almağa görə cinayət məsuliyyətinə cəlb olunan Ayaz Cəfərəliyevin mühakiməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə gömrük mayoru 100 manat rüşvət almaqda təqsirli bilinsə də, ona şərti cəza verilib.

O, istintaq və məhkəmə dövründə də ev dustaqlığında idi.

A.Cəfərəliyev Dövlət Gömrük Komitəsindəki rəhbər dəyişikliyindən sonra cinayət məsuliyyətinə cəlb olunanlardandır. Onların əksəriyyətinə irəli sürülmüş rüşvət alma ittihamlarında bir neçə yüz və ya bir neçə min manatdan söhbət gedir.

Gömrük mayoru A.Cəfərəliyev Baş Gömrük Mühafizə Xidmətinin «Şimal» gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi işləyib. İddia olunur ki, o, «İpək yolu» gömrük postunun 6-cı anbarında xidmətdə olarkən «S3 Safety» MMC üçün gətirilən yükə baxış keçirib. Həmin vaxt şirkətin nümayəndəsi Rəşad Rəhimovdan 100 manat pul istəyib və alıb.

Bu hadisədən sonra A.Cəfərəliyev «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 69-cu maddəsi ilə gömrük orqanlarından xaric edilib. Bir müddət sonra da cinayət məsuliyyətinə cəlb olunub.

A.Cəfərəliyev özünü təqsirli bilməyib. Günahsız olduğunu, kimsədən rüşvət almadığını deyən gömrük mayoru deyib ki, ittihamda yazılanlar həqiqətəuyğun deyil: «Mən nə kimdənsə 100 manat istəmişəm, nə də almışam...».