21 fevral beynəlxalq ana dili günüdür

Sizin brauzer HTML5-i dəstəkləmir

"Motor" elə azərbaycancadır da...

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan dörd tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Beynəlxalq Ana Dili Günü Azərbaycanda da qeyd edilir. Bu münasibətlə hər il Bakıda və ölkənin bölgələrində bir sıra müxtəlif tədbirlər keçirilir.

Beynəlxalq Ana Dili Gününü İranda yaşayan azərbaycanlıların da yariqapalı qeyd etdikləri bildirilir. Onlar İranda milyonlarla insanın öz ana dillərində təhsil almaq hüququndan məhrum olunduqlarını deyirlər.

***

UNESCO dünyada daha çox dil yoxa çıxdıqca, dil müxtəlifliyinə təhlükə yarandığını bildirir. Hazırda dünya əhalisinin 40 faizi danışdığı, yaxud anladığı dildə təhsil ala bilmir.

Bu gün dünyada 6 min- 7 min dil mövcuddur. Dünya əhalisinin 97 faizi isə bu dillərin yalnız 4%-də danışır.

Əhalinin 3 faizi qalan dillərin 96%-də danışır. Azsaylı xalqların danışdığı bu dillərin böyük əksəriyyətinin yoxa çıxması narahatedici səviyyəyə çatıb.

UNESCO bildirir ki, bu məsələnin həllindən ötrü uyğun addım atılmazsa, dillərin, onlara bağlı tarixin, ənənələrin və yaddaşın itməsi dünyada dil müxtəlifliyini ciddi şəkildə azaldacaq.