'Azərbaycanda 127 siyasi məhbus var'

Həbsxana

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi qrup yenilənmiş növbəti siyahısını təqdim edib. 127 nəfərin adı siyahıda yer alır. «54 nəfərin adı monitorinq altında olanların siyahısına salınıb, 1 nəfər isə monitorinqdən çıxararaq siyasi məhbus kimi tanınıb», - qurumun məlumatda qeyd edilir.

İşçi qrup 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısına sui-qəsd, daha sonra iyulun 10-da bu şəhərdə iki polis əməkdaşının öldürülməsi ilə bağlı həbs edildiyi bildirilən 51 nəfəri monitorinq altında olanların siyahısına əlavə edib. Qurum bunu belə izah edir: «Dövlət orqanları həbs edilənlərin təqsirsizlik prezumpsiyasını pozub. Həbs edilənlərin ailə üzvlərinə 9 gün heç bir məlumat verilməyib. Hadisələrin mütəşəkkil dəstə tərəfindən törədildiyi iddia olunsa da, bununla bağlı sübutlar ortaya qoyulmayıb. Dövlət orqanları iyulun 10-da baş verən hadisənin iğtişaş olduğunu iddia etsə də, bu, videoçəkiliş və ya hər hansı başqa sübutla təsdiq edilməyib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı aşırı gücdən istifadə olunub, nəticədə 6 nəfər ölüb. Məhkəmə prosesləri rəsmi olaraq açıq olsa da, faktiki olaraq yarıqapalı keçirilir...».

Qrupun siyahısında yer alanlardan 9-u jurnalist, bloqer, 1-i şair, 1-i hüquq müdafiəçisi, 18-i siyasi, ictimai fəal, 67-si inanclı fəal, 3-ü ömürlük həbs cəzasına məhkum olunan və 14-ü sosial etirazlarla bağlı tutulanlar sayılır. Habelə siyahıda yer alanlardan 2-nin keçmiş dövlət məmuru, 3-nün ömürlük cəza alan, 4-nün də siyasi proseslərlə bağlı həbs edildiyi vurğulanır. Qurum həmçinin, xarici kəşfiyyatla əməkdaşlıqda ittiham edilərək həbs olunan Səid Dadaşbəyli və onunla birgə tutulanları da bu siyahıya daxil edib.

İşçi qrupun 2018-ci il sentyabrın 1-də təqdim etdiyi sonuncu hesabatdan sonra siyahıda adları olan 4 nəfər azadlığa buraxılıb. Onlardan 2 nəfərinin cəzasının müddəti bitib, 2 nəfəri məhkəmə qərarları ilə azad edilib. 3 nəfər isə yeni siyasi məhbus kimi siyahiya daxil edilib.

«İşçi qrup təəssüflə qeyd edir ki, ölkədə siyasi məhbusların sayı siyahıdakından qat-qat çoxdur. Ölkədə hökm sürən repressiv mühit insanları işlərini ictimailəşdirməkdən çəkindirir…», -açıqlamada yazılıb.

Sənəddə habelə qeyd edilir ki, bir çox siyasi məhbuslar faktiki olaraq vəkillərsiz qalıb.

Xatırlatma

2019-cu il yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Varsdottir ilkin memorandumu hazırlayaraq qurumun İnsan Hüquqları və Hüquq Komitəsinə təqdim edib.

Amma Azərbaycanda siyasi məhbuslarla bağlı bir yox, bir neçə siyahı mövcuddur. Başqa bir siyahıda isə nisbətən çox məhbusun adı yer alır.

Azərbaycan hökuməti isə birmənalı şəkildə ölkədə siyasi məhbusların olmadığını bildirir. Hökumət rəsmiləri fundamental azadlıqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, siyasi məqsədlərlə təqiblərin olmadığını bəyan edir. Onların fikrincə, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.