İqtisadçı Rövşən Quliyevə 30 sutka verildiyi deyilir

R.Quliyev

“Fevralın 18-də axşam saatlarında saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, iqtisadçı Rövşən Quliyevə 30 sutka inzibati həbs cəzası verilib”

Bunu Azadlıq Radiosuna AXCP-dən bildiriblər.

Partiyadan verilən məlumata görə, qərarı Bakının hansı rayon məhkməsinin verdiyi və R.Quliyevin rəsmi olaraq nədə ittiham edildiyini dəqiqləşdirə bilməyiblər.

AXCP rəhbərliyi inzibati həbsi siyasi sifarişin nəticəsi sayır. Onlar iqtisadçının xəstə olduğunu deyirlər.

Amma bu deyilənlərə, hələlik, hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb. Rəsmilər ölkədə siyasi əsaslarla həbslərin olması ilə bağlı deyilənləri düzgün saymırlar.

***

Fevralın 18-i axşam saatlarında AXCP Rəyasət Heyətinin keçmiş üzvü, iqtisadçı Rövşən Quliyevin saxlandığı bildirilir.

Bu barədə AXCP-dən məlumat yayıblar:

«Rövşən Quliyevin saxlanmasının səbəbi, hələlik, bizə, ailəsinə bəlli deyil. O, xəstəliyi ilə bağlı 4 il bundan öncə demək olar ki, siyasi fəaliyyətinə son qoyub, Rəyasət heyətindən çıxıb. Rövşən Quliyev bu illər ərzində müalicəsi ilə məşğul idi».

Partiyadan onu da deyiblər ki, fevralın 18-də R.Quliyevin mənzilində axtarış aparılıb, onun kompüteri aparılıb.

Bu deyilənlərə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.