ABŞ elçisindən Əfqanıstana çağırış

Zalmay Khalilzad

Birləşmiş Ştatların sülh elçisi Zalmay Khalilzad əfqanları fikir ayrılıqlarını kənara qoymağa və birləşməyə çağırıb. Bu arada Əfqanıstanda 17 ildir gedən müharibəni bitirməkdən ötrü cəhdlər artmaqdadır.

Son aylar Khalilzad Taliban təmsilçiləri ilə bir sıra birbaşa danışıqlar aparıb. Amma Qərbin dəstəklədiyi Kabil hökuməti həmin müzakirələrə qatılmayıb.

Prezident Ashraf Ghani-yə qarşı çıxan əfqan qüvvələr isə fevralın 5-6-da Moskvada bir araya gəliblər.

Müxalif siyasətçilər Ghani-nin yaratdığı danışıqlar komandasını tənqid edir, onun bütün tərəfləri təmsil etmədiyini deyirlər.

Khalilzad isə Əfqanıstan hökumətini “güclü, milli” danışıqlar komandası formalaşdırmağa çağırıb.

“Hökumətin liderliyinə sayqı göstərildiyi komandaya ehtiyacımız var Digər siyasi elementlərin iştirakı da vacibdir”, – Khalilzad fevralın 18-də Əfqanıstanın Tolo News agentliyinə deyib.

Khalilzad Kabilə səfəri zamanı Ghani və digər siyasi fiqurlarla danışıqlar aparıb.