Rusiyalı jurnalist Amsterdam aeroportunda saxlanıb

Yelena Milashina (solda) və Milana Bakhayeva

Rusiyanın müstəqil “Novaya Gazeta” qəzeti bildirir ki, müxbiri və bir insan haqları fəalı Amsterdam aeroportunda qısa müddətə saxlanıb.

Qəzetin fevralın 18-də yazmasına görə, müxbiri Yelena Milashina və Memorial insan haqları mərkəzindən Milana Bakhayeva Suriya böhranıyla məşğul olan insan haqları fəalları ilə görüşmək istəyiblər. Amma onlar elə Schiphol aeroportuna çatan kimi saxlanıblar.

Aeroport polisinin iki qadının saxlanma səbəbini izah etmədiyi bildirilir. Milashina-nın mobil telefonu müsadirə olunub.

Milashina daha sonra Facebook səhifəsində yazıb ki, Bakhayeva ilə birlikdə azad olunublar, polis məmuru könülsüz şəkildə onlardan üzr istəyib, pasportlar və mobil telefon qaytarılıb.

Qadınların saxlanma səbəbi bəlli olmasa da, Milashina ehtimal edir ki, Bakhayeva-nın çeçen mənsubiyyəti səbəb ola bilər.

Novaya Gazeta Rusiyanın aparıcı müstəqil qəzetlərindəndir. 2000-ci ildən onun əməkdaşlarından beşi öldürülüb. İnsan haqları fəalları onların peşə fəaliyyətinə görə öldürüldüyünü bildirir. Qəzet tərəfsiz yazıları, araşdırmaçı jurnalistləri ilə tanınır.