Ali məktəblərdə ödənişsiz yerlər artırılır

C.Bayramov

Azərbaycan ali məktəblərində 2019-2020-ci tədris ili üzrə dövlət sifarişli yerlərin sayı artırılacaq.

Bunu fevralın 14-də təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət Televiziyasına müsahibəsində deyib. O vurğulayıb ki, bununla bağlı sənəd artıq Nazirlər Kabinetinə təqdim edilib və sənəd təsdiq olunma mərhələsindədir

Nazir bildirib ki, ötən il dövlət sifarişli yerlərin sayı 12 min 324 olub. Növbəti tədris ilində isə bunun 20 min 500 yerə kimi artırılması planlaşdırılır: «Hesab edirik ki, növbəti illərdə də müsbət tendensiya davam edəcək».

C.Bayramov qeyd edib ki, yalnız növbəti ilin proqnoz yerlərindən danışılırsa, dövlət sifarişli yerlərin sayı 42 faiz müəyyənləşdirilib: «2018-2019-cu tədris ili üçün bu rəqəm 30 faizdən də az idi…».

Xatırlatma

Azərbaycan ali məktəblərində yerlərin təqribən 75 faizinin ödənişli olması son illər bir sıra insanların tənqidləri ilə üzləşib.

Hətta ayrı-ayrı müxalif simalar vurğulayırdılar ki, ölkəyə böyük neft pullarının gəldiyi bir dönəmdə ali məktəblərdə yerlərin təqribən 75 faizinin ödənişli olması hökumətin antisosial siyasətinin göstəricisidir.

Dünən, fevralın 14 də isə prezident bir sıra sərəncam verərək tələbələrin təqaüdlərini də təqribən 20-i faizə yaxın artırıb.