Birləşmiş Ştatların Kosmik Agentliyi – NASA bildirir ki, Marsa yolladığı aparatla sonuncu dəfə əlaqə yaratmağa cəhd göstərəcək.
Opportunity cihazıyla sonuncu dəfə səkkiz ay öncə əlaqə yaradılmışdı.
Aparat 2004-cü ildə Marsa enib və planetdə 45 kilometr qət edib. Bu, gözlənilən 90-günlük missiyadan qat-qat çox idi.
Ötən il güclü toz tufanı gün işığının Marsa düşməsinin qarşısını kəsib. Nəticədə Opportunity-nin günəş enerjisi ilə işləyən batareyaları enerji yığa bilməyib.
NASA mühəndislərinin cəhdlərinə baxmayaraq, aparatla sonuncu dəfə ötən il iyunun 10-da əlaqə saxlanıb.
Agentlik rəsmiləri fevralın 13-də brifinq keçirəcəklərini deyiblər. Missiyanın sona çatmasının rəsmən elan olunacağı gözlənir.