İşgəncə iddiaları səsləndirən aspirant yenidən həbs olunub

İllüstrativ foto

Moskva Dövlət Universitetinin riyaziyyat üzrə aspirantı Azat Miftakhov qısa müddətə buraxılandan sonra yenidən həbs olunub. O, bombadüzəltmə ittihamları üzrə saxlanarkən işgəncəyə məruz qaldığını deyirdi.

Miftakhov fevralın 7-də Moskva regionunda təcridxanadan buraxılıb. Bundan iki gün öncə insan haqları qrupu onun bədənində işgəncə izlərinin olduğunu bildirib.

Aspirantın vəkili Svetlana Sidorkina-nın sözlərinə görə, Miftakhov-a rəsmi ittiham irəli sürülmədiyindən fevralın 7-də buraxılıb, amma bir neçə saat sonra polis onu yenidən saxlayıb.

ELEKTRİKLƏ İŞLƏYƏN VİNTAÇAN İZİ

Ona rəsmi ittiham verilib-verilmədiyi bəlli deyil.

Svetlana Sidorkina

İctimai Monitorinq Komissiyası adlı QHT-nin rəhbəri Valery Borshchyov fevralın 5-də deyib ki, özü və qurumun digər üzvləri təcridxanada Miftakhov-a baş çəkiblər və onun boğazında, eləcə də bədəninin digər yerlərində elektriklə işləyən vintaçan izləri aşkarlayıblar.

Həm də Moskva Helsinki qrupunun həmsədri olan Borshchyov deyib ki, Miftakhov ona təcridxanada işgəncə verənlərin kimliyini bilmədiyini deyib, çünki mülki geyimdə olublar.

Borshchyov rəhbəri olduğu komissiyanın Moskva prokurorluğuna müraciət edərək Miftakhov-un işgəncə iddialarının araşdırılmasını istəyəcəyini bildirib.

25 yaşlı Miftakhov fevralın 1-də saxlanıb, onun yanvarda Moskva yaxınlığındakı Balaşixa şəhərində tapılmış əldəqayırma partlayıcı qurğunun hazırlanmasında əli olduğu iddia edilib.

Miftakhov iddiaları rədd edərək uydurma adlandırıb.

Onun sözlərinə görə, işgəncə verənlər ittihamları onun boynuna qoymağa çalışıblar, amma buna nail olmayıblar.